Hazırda “Qusar” adı ilə çap olunan rayon qəzeti 1932-ci ildə Azərbaycan KP Hil rayon firqə komitəsi və icrakomun organı olmaqla “Sosializm tempi” adı ilə təsis edilərək çap olunmağa başlamışdır.
Mətbu organın naşiri və ilk redaktoru “Hümmət” bolşevik firqəsinin üzvü Nürəddin Şərifov olmuşdur. Qəzetin tematikası əsasən həmin dövr üçün xarakterik olan kollektivləşmə,qolçomaqlarla mübarizə və s. olmuşdur.
1950-ci ilədək “Sosializm tempi”qəzetinin redaktoru vəzifəsində İlyas İlyasov, Nürəddin Həbibov, Həmid Əliyev, Əli Səlimov, İbrahim Məcidov kimi maarifçilər çalışmışdır.
Ötən əsrin 50-ci illərindən etibarən qəzet “Qızıl Qusar” adı ilə nəşr olunmağa başlamışdır. 1992-ci ildən hazıradək “Qusar”adı ilə çap edilir. Hazırda redaksiya kollektivi 6 nəfər yaradıcı –texniki işçidən ibarətdir.
“Qusar” qəzetinə 1998-ci ildən ali təhsilli jurnalist Vidadi Sevzixanov rəhbərlik edir.
Vidadi Sevzixan oğlu Sevzixanov 1954-cü ildə Həzrə kəndində qulluqçu ailəsində doğulmuş, 1977-ci ildə ADU-nun jurnalistika fakultəsini bitirib, “Qızıl Qusar”qəzetində əmək fəaliyyətinə başlamışdır.
Qəzetdə çalışdığı uzun müddət ərzində korrektor, müxbir, məsul katib vəzifələrində işləmişdir.
|